EN
RU
Şəxsi kabinet
13-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ
TƏHSİL SƏRGİSİ

10 - 12 oktyabr 2019 Bakı Ekspo Mərkəzi
BAŞ SPONSOR

DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq
EDUEXPO - Təhsil “Eduexpo” sərgisi sizləri gözləyir!
Media мərkəz » Xəbərlər

Təhsil “Eduexpo” sərgisi sizləri gözləyir!
09.10.2019

Xəbərlər

10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “Eduexpo” sərgisi keçiriləcək. “Eduexpo” ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən yeganə sərgidir. Sərginin baş sponsoru qismində ardıcıl olaraq üçüncü ildir ki, “Kapital Bank” çıxış edir.

Bu il “Təhsil” sərgisində dünyanın 22 ölkəsini təmsil edən 152 təhsil strukturu iştirak edir. Ölkə və regionun təhsil sahəsində irimiqyaslı beynəlxalq sərgi olan “Eduexpo” növbəti dəfə aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, xaricdə təhsil üzrə konsultasiya şirkətlərini və s. qurumları bir araya gətirir. Sərgi iştirakçılarının 45%-ni debütantlar təşkil edir.

AZƏRBAYCANDA TƏHSİL

Bu il sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsil sahəsində innovasiyaların və perspektivli startapların, eləcə də ölkənin təhsil prosesində İT texnologiyalarının tətbiq mexanizmlərinin nümayişi üçün interaktiv platforma olan stendi ilə fəal iştirak edir. Sərgidə təqdim edilən layihələr arasında “Rəqəmsal bacarıqlar” layihəsi, “Univerium” yataqxanası, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyaları Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər, eləcə də təhsil sisteminin bütün səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması məqsədini güdən “Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi”, habelə təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan Təhsil Nazirliyinin “Təhsil TV” onlayn telekanalı kimi layihələri qeyd etmək olar. Sərgidə həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi də iştirak edir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi isə builki sərginin debütantıdır.

“Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur. Onların arasında ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti və digər ali təhsil ocaqları, eləcə də Sumqayıt, Gəncə və Lənkəran regional dövlət universitetləri yer alır. Azərbaycan İlahiyyat Institutu builki sərgidə debüt edir. Tədbirin daha bir debütantı “Buta” uşaq bağçasıdır. Həmçinin sərgidə “Uşaq zonası” üzrə sərginin tərəfdaşı - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsi iştirak edir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə sərgidə öz stendi ilə iştirak edir. KOBİA-nın stendində təhsil sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini təqdim edir. Qeyd etmək lazımdır ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi olaraq dəstək göstərir.

Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən ali təhsil və sosial inteqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş "Gələcəyini Qur!" Gəncliyə Dəstək layihəsi də sərgidə iştirak edir.

XARİCDƏ TƏHSİL

Bu il sərgidə Almaniya, Belarus Respublikası, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edir.

Həmçinin bu il keçirilən sərgidə Avropa İttifaqının birləşmiş stendi debüt edir. Təşkilatın stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur. Sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi təmsil olunur. Həmçinin burada xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı da təqdim edilir.

Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur. Lodzi İqtisadi-Humanitar Akademiyası, Moskva Fasiləsiz Təhsil İnstitutu (FTİ), Lüblin Mariya Küri-Sklodovskaya Universiteti, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Novosibirsk Diyarının universitetləri, eləcə də Azərbaycanın bir sıra təhsil müəssisə və strukturu sərgidə debüt edir.

SƏRGİNİN SEKTORLARI

Sərgidə məktəbəqədər hazırlıq, orta təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil, magistratura, MBA, aspirantura, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar, eləcə də dil kursları, yay məktəbləri, treyninqlər, dərsliklər və metodiki vəsaitlər, təhsil sahəsində yeni informasiya texnologiyaları, təhsil sektoru üçün avadanlıqlar kimi sektorlar üzrə məlumat və xidmətlər təqdim edilir.

Builki sərginin fərqləndirici xüsusiyyəti onun texnoloji istiqamətli olmasıdır. Belə ki, “Rusiyada təhsil” layihəsi təhsil sahəsində “VR” texnologiyaları sərgidə təqdim edir və “Laboratoriya işinin virtual reallıq formatında nümayişi (VR)” adlı təqdimat çərçivəsində məhsullar əyani şəkildə nümayiş edir. Sərgidə debüt edən “leXsolar GmbH” şirkəti bərpa olunan enerji mənbələri ilə işləyən trenajor sistemlərini nümayiş edir. Sevindirici haldır ki, yerli layihəçilər tərəfindən təhsil sahəsində bir sıra yeni texnologiyalar təqdim olunur.

“Azərsu” ASC “Karyera” sərgisi çərçivəsində ziyarətçilərə mühəndis-texnoloq, SCADA mühəndisi, mexanik, energetik, eləcə də hidrologiya, avtomatika və metrologiya üzrə mütəxəssis və s. kimi mövcud vakansiyaları təqdim edir. Sərgiyə giriş iş axtaran hər bir kəs üçün açıqdır.

ƏLAVƏ TƏDBİRLƏR

Sərgi əlavə tədbirlər proqramı ilə müşahidə olunur. Beləliklə, bir sıra əlavə tədbirlər “Təqdimat Zona”sında keçiriləcək. Təqdimat zonasının sponsoru qismində BP şirkəti çıxış edir.

10 oktyabr tarixində sərgidə “Universitetlərə səyahət” adlı layihə keçiriləcək və bu layihə əsnasında “Eduexpo” sərgisinin iştirakçıları, hər biri 15 dəqiqə olmaqla, öz təqdimatları çərçivəsində sərginin qonaqlarını təmsil etdikləri təhsil müəssisələrinin imkanları ilə tanış edərək xidmətlər barədə ətraflı məlumat verəcək və valideynləri maraqlandıran sualları cavablandıracaqlar. 

Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.

11 oktyab tarixində "Təqdimat Zonası"nda BP şirkəti tərəfindən "Mühəndislikdə müxtəliflik" adlı seminar keçiriləcək. Seminar çərçivəsində şirkətin aparıcı mütəxəssisləri, o cümlədən qadın mühəndislər öz təcrübələri ilə bölüşəcək və aktual sənaye mövzularını müzakirə edəcəklər.

12 oktyabr tarixində sərgi çərçivəsində ilk dəfə olaraq Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ. M. Şevçuk ilə görüş keçiriləcək.

Həmin gün “Landau School” və “Leznik&Co” şirkətlərinin həmtəsisçisi Emil Leznik, “Ders Evi” təhsil mərkəzinin ictimaiyyət və dövlət qurumları ilə əlaqələr üzrə meneceri Elvira Bağırova, “You will speak” təhsil mərkəzinin direktoru Günay Rəsulova, “CELT Colleges” dil kurslarının direktoru Baba Kərimli, Motivated Outstanding Mothers təşkilatının təsisçisi Aysel Hüseynova kimi məruzəçilərin iştirakı ilə EduTalks - "Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər" adlı müzakirə paneli keçiriləcək. Ekspertlər bu panel çərçivəsində sərgi auditoriyası ilə “canlı” dialoq formatında müasir təhsil xüsusunda öz fikirlərini bölüşəcəklər.

Həmçinin sərginin keçiriləcəyi günlər ərzində Bakı Ekspo Mərkəzinin 19 nömrəli otağında Rusiya ali təhsil müəssisələrinin təqdimatı keçiriləcək.

Sərginin sonuncu iş günündə məktəblilər üçün “Fibonaççi”, “Babil qüllələri” və “Octopus” kimi bir sıra intellektual oyunlar təşkil olunacaq.

Beləliklə, vacib təhsil qovşağı olan “Eduexpo” sərgisi qısa vaxt ərzində təhsil sahəsinin ən son yenilikləri ilə tanış olmaq, tərəfdaşlıq üçün yeni yollar açmaq, əməkdaşlığın üfüqlərini genişləndirmək və çoxsaylı hədəf auditoriya – abituriyentlər, onların valideynləri, eləcə də sektorun mütəxəssisləri ilə görüşlər keçirmək üçün imkan yaradır.

“Təhsil” sərgisinə giriş 9-11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri, eləcə də təhsil sektorunun peşəkarları üçün açıqdır.

RƏSMİ DƏSTƏK VƏ TƏŞKİLATÇILAR

Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyi, eləcə də  Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, eləcə də “Greenwich Travel Club” turoperatoru yer alır.



TƏRƏFDAŞLAR