EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - "Eduexpo 2019": qlobal təhsil bazarının səmərəliliyi
Media мərkəz » Xəbərlər

"Eduexpo 2019": qlobal təhsil bazarının səmərəliliyi
10.10.2019

Xəbərlər

10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 13-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi öz işinə başladı. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.Ölkə və regionun təhsil sahəsində irimiqyaslı beynəlxalq sərgi olan “Eduexpo” növbəti dəfə aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, xaricdə təhsil üzrə konsultasiya şirkətlərini və s. qurumları bir araya gətirir.

“Eduexpo” ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən yeganə sərgidir. Sərginin baş sponsoru qismində ardıcıl olaraq üçüncü ildir ki, “Kapital Bank” çıxış edir. Bu il “Təhsil” sərgisində dünyanın 22 ölkəsini təmsil edən 152 təhsil strukturu iştirak edir. Sərgi iştirakçılarının 45%-ni debütantlar təşkil edir.

“Eduexpo 2019” sərgisinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov qeyd etdi ki, sərgiyə olan maraq ildən-ilə artır və bu da şübhəsiz ki, nazirliyi çox sevindirir. Bu il sərgidə təmsil olunan təhsil müəssisələri, tədris ocaqları, şirkət və təşkilatlar bunu sübut edir. Avropa İttifaqının böyük birləşmiş stend ilə debütü, Türkiyə təhsil nazirliyinin rəhbərliyi ilə Türkiyənin təmsilçi nümayəndə heyətinin, böyük regional qrupların iştirakı Azərbaycanda keçirilən beynəlxalq “Təhsil” sərgisinə olan maraq və təhsil sahəsində ölkələr arasında əlaqələrin gücləndirilməsinin vacibliyi ilə bağlıdır. Sevindirici haldır ki, bu il sərgi iştirakçıları informasiya-kommunikasiya sistemləri və vahid məlumat bazasının yaradılması sahəsində innovativ proqramlar, yeni startaplar və həll variantları ilə çıxış edir. Cənab nazir həmçinin qeyd etdi ki, bu sərgi Azərbaycanda qəbul edilmiş təhsil üzrə inkişaf strategiyası ilə vəhdət təşkil edir və qarşıya qoyulmuş məqsəd və tapşırıqların həllinə yönəldilmiş vacib tədbirdir.

Türkiyə Respublikasının təhsil naziri cənab Ziya Səlcuq məlumat verərək bildirdi ki, Türkiyənin nümayəndə heyəti sərgidə böyük komanda ilə təmsil olunur və bu da işgüzar görüşlərə, müvafiq danışıqların aparılmasına və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına kömək edir. Sərgi təkcə Azərbaycan üçün deyil, həm də digər ölkələr üçün əhəmiyyətlidir. Təhsil beynəlxalq səviyyəyə yüksəlib və buna görə də müxtəlif ölkələrdə təhsil prosesinin necə qurulduğu barədə məlumat mübadiləsi bu qədər dəyərlidir. Bunun üçün belə sərgilərin və buna bənzər tədbirlərin keçirilməsi çox vacibdir. Belə tədbirlərdə verilən məlumatlar gələcək tələbələr, eləcə də pedaqoq və valideynlər üçün strateji əhəmiyyət kəsb edir.

Avropa Komissiyasının Qonşuluq və genişlənmə müzakirələri üzrə Baş direktorluğunun Regional proqramlar bölməsinin rəhbəri cənab Vasilis Maraqos Avropa İttifaqının sərgidə eyni anda Avropanın bir neçə ölkəsinin təmsil olunduğu birləşmiş stend ilə iştirak etməsinin əlamətdar hadisə olduğunu qeyd edib. Təhsil bütün ölkələrin, o cümlədən Azərbaycan və Avropanın əsas tərəfdaşı olan Türkiyə kimi qonşu ölkələrin vətəndaşları üçün çox vacib olan sahədir. Təhsil sahəsinə investisiya qoyuluşu dünyanı dəyişdirmək, planetin sakinləri üçün multikulturalizm, cəmiyyətin inkişafı və qarşılıqlı faydalı münasibətlər üçün zəruridir. Belə sərgilər bu prosesə müsbət təsir göstərir.

“CEO” şirkətinin regional direktoru cənab Edvard Stroon sərgi barədə statistik məlumatları diqqətə çatdıraraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə, eləcə də “Eduexpo 2019” sərgisinin tərəfdaş və sponsorlarına təşəkkürünü bildirdi.

Bu il sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsil sahəsində innovasiyaların və perspektivli startapların, eləcə də ölkənin təhsil prosesində İT texnologiyalarının tətbiq mexanizmlərinin nümayişi üçün interaktiv platforma olan stendi ilə fəal iştirak edir. Sərgidə təqdim edilən layihələr arasında “Rəqəmsal bacarıqlar” layihəsi,  “Univerium” yataqxanası, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyaları Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər, eləcə də təhsil sisteminin bütün səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması məqsədini güdən “Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi”, habelə təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan Təhsil Nazirliyinin “Təhsil TV” onlayn telekanalı kimi layihələri qeyd etmək olar. Sərgidə həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi də iştirak edir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi isə builki sərginin debütantıdır.

“Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə sərgidə öz stendi ilə iştirak edir.

Bu il sərgidə Almaniya, Belarus Respublikası, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edir. Həmçinin bu il keçirilən sərgidə Avropa İttifaqının birləşmiş stendi debüt edir. Təşkilatın stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur. Sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi təmsil olunur.

Sərgidə məktəbəqədər hazırlıq, orta təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil, magistratura, MBA, aspirantura, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar, eləcə də dil kursları, yay məktəbləri, treyninqlər, dərsliklər və metodiki vəsaitlər, təhsil sahəsində yeni informasiya texnologiyaları, təhsil sektoru üçün avadanlıqlar kimi sektorlar üzrə məlumat və xidmətlər təqdim edilir.

Builki sərginin fərqləndirici xüsusiyyəti onun texnoloji istiqamətli olmasıdır. Belə ki, “Rusiyada təhsil” layihəsi təhsil sahəsində “VR” texnologiyaları sərgidə təqdim edir və “Laboratoriya işinin virtual reallıq formatında nümayişi (VR)” adlı təqdimat çərçivəsində məhsullar əyani şəkildə nümayiş edir. Sərgidə debüt edən “leXsolar GmbH” şirkəti bərpa olunan enerji mənbələri ilə işləyən trenajor sistemlərini nümayiş edir. Sevindirici haldır ki, yerli layihəçilər tərəfindən təhsil sahəsində bir sıra yeni texnologiyalar təqdim olunur.

Sərgi əlavə tədbirlər proqramı ilə müşahidə olunur. Beləliklə, bir sıra əlavə tədbirlər “Təqdimat Zona”sında keçiriləcək. Təqdimat zonasının sponsoru qismində BP şirkəti çıxış edir. 10 oktyabr tarixində sərgidə “Universitetlərə səyahət” adlı layihə keçiriləcək və bu layihə əsnasında “Eduexpo” sərgisinin iştirakçıları, hər biri 15 dəqiqə olmaqla, öz təqdimatları çərçivəsində sərginin qonaqlarını təmsil etdikləri təhsil müəssisələrinin imkanları ilə tanış edərək xidmətlər barədə ətraflı məlumat verəcək və valideynləri maraqlandıran sualları cavablandıracaqlar.  Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.

Həmin gün “Landau School” və “Leznik&Co” şirkətlərinin həmtəsisçisi Emil Leznik, “Ders Evi” təhsil mərkəzinin ictimaiyyət və dövlət qurumları ilə əlaqələr üzrə meneceri Elvira Bağırova, “You will speak” təhsil mərkəzinin direktoru Günay Rəsulova, “CELT Colleges” dil kurslarının direktoru Baba Kərimli, Motivated Outstanding Mothers təşkilatının təsisçisi Aysel Hüseynova kimi məruzəçilərin iştirakı ilə EduTalks - "Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər" adlı müzakirə paneli keçiriləcək. Ekspertlər bu panel çərçivəsində sərgi auditoriyası ilə “canlı” dialoq formatında müasir təhsil xüsusunda öz fikirlərini bölüşəcəklər.

Həmçinin sərginin keçiriləcəyi günlər ərzində Bakı Ekspo Mərkəzinin 19 nömrəli otağında Rusiya ali təhsil müəssisələrinin təqdimatı keçiriləcək. Sərginin sonuncu iş günündə məktəblilər üçün “Fibonaççi”, “Babil qüllələri” və “Octopus” kimi bir sıra intellektual oyunlar təşkil olunacaq.

Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyi, eləcə də  Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR